Salahlı Elgiz Nurəddin oğlu 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub.
Rayonun 1 nömrəli tam orta məktəbində 11 illik təhsil alıb. Daha sonra 2010-cu ildə əsgərlik borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 2015-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə işini davam etdirib. O, çavuş rütbəsində kəşfiyyatçı olaraq xidmət göstərib. Aprel döyüşlərində Nərgiztəpə istiqamətində vuruşub. 2017-ci ildə sağlamlığı ilə əlaqədar işindən ayrılıb və 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində könüllü olaraq iştirak etmişdir.
Qəhrəmanımız döyüş yoldaşları ilə birlikdə oktyabr ayının 4-nə qədər Füzuli-Hadrut istiqamətində sürətlə irəliləyib. 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında fəallıq göstərib. Oktyabrın 18-i şəhidimizin nəşi doğulduğu Beyləqan rayonunun müqəddəs Cərciz Peyğəmbərliyində torpağa tapşırıldı.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Salahlı Elgiz Nurəddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
